SİYASƏT
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA YIĞINCAQ
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ölkəmizin rəhbəri cənab Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə əlaqədar bəyanatına dair yığıncaq keçirilmişdir.
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov yığıncağı açaraq Azərbaycan prezidentinin milli-mənəvi dəyərlərimizi qorumaq və zənginləşdirmək sahəsində gördüyü işlərin əhəmiyyətindən danışaraq bildirdi ki, o, respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə mənəviyyat məsələlərinə böyük diqqət və qayğı göstərmişdir. Rektor dövlətimizin başçısının kütləvi informasiya vasitələrində bu mövzuda vaxtaşırı çıxışlarının xüsusi əhəmiyyətini vurğulayaraq, cəmiyyətimiz üçün milli kökümüzə, milli ruhumuza uyğun yeni nəsil yetişdirmək istiqamətində ailənin, ictimaiyyətin və eyni zamanda təhsil müəssisələrinin qarşısında da böyük vəzifələr durduğunu bildirdi.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında vurğuladı ki,respublikamızın hər bir sağlam düşüncəli vətəndaşının milli dəyərlərimizin qorunub saxlanması kimi nəcib məsələdə öhdəsinə düşən məsuliyyəti dərk edərək, bu istiqamətdə çalışmalı, dövlətimizin daha da möhkəmlənməsi naminə gənclərimizin mənəvi-əxlaqi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində fəal iştirak etməlidir.
Professor Tofiq Rəsulov, bu il yüksək bal topladığı üçün “Prezident təqaüdü”nə layiq görülmüş I kurs tələbəsi Ziya Əliyev, akademiyaya yüksək balla qəbul olunmuş Rəşad Ağazadə, Şərur rayonundan ixtisasartırma kurslarına göndərilmiş I kurs müdavimi Sürəyya Bəşirova çıxışlarında Prezidentin bəyanatının böyük əhəmiyyətindən və ondan irəli gələn vəzifələrin həyata keçirilməsinin zəruriliyindən danışdılar.
Yığıncağ iştirakçıları ölkəmizin rəhbərinə müraciət qəbul etdilər.