İDMAN
DÖVLƏT İDARƏETMƏ ORQANLARI ARASINDA VI ƏNƏNƏVİ FUTZAL TURNİRİ KEÇİRİLƏCƏKDİR
“AZƏRTAC”IN İLK GÖRÜŞÜ ARDNŞ-LƏ OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi və “Azəridmanservis” müəssisəsinin birgə təşkilatçılığı ilə dövlət idarəetmə orqanları (nazirlik, şirkət və komitələr) arasında VI ənənəvi futzal turniri keçiriləcəkdir.
Bu məqsədlə yanvarın 14-də iştirakçı komandalar arasında püşkatma olmuşdur. Beləliklə, A qrupunda Ekologiya və Təbii Sərvətlər, Maliyyə, Nəqliyyat nazirliklərinin, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC), Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Azəriqaz” Səhmdar Cəmiyyətinin, B qrupunda isə Xüsusi Dövlət Mühafizə Xidmətinin, Konstitusiya Məhkəməsinin, Daxili İşlər Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin və United Kredit Bankının komandaları mübarizə aparacaqlar. Hər qrupda birinci və ikinci yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqdır.
Oyunlara yanvarın 23-də Bakı Olimpiya İdman Kompleksində start veriləcəkdir. Həmin gün “AZƏRTAC” ARDNŞ-lə qarşılaşacaqdır.
Xatırladaq ki, 34 oyun olmaqla 6 turdan ibarət yarışın qalibləri mükafatlandırılacaqdır.