İQTİSADİYYAT
DÖVLƏT MÜƏSSİSƏLƏRİ SƏHMDAR CƏMİYYƏTLƏRİNƏ ÇEVRİLİR
İnkişaf Nazirliyi dövlət müəssisələrinin bazasında səhmdar cəmiyyətlərinin yaradılması, eləcə də onların özəlləşdirilməsi sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini davam etdirir.
May ayı ərzində dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi sahəsində işlər davam etdirilmiş, 12 müəssisənin sənədlərinin ekspertizası işi başa çatdırılmış və 10 müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi barədə sərəncam verilmişdir. Hazırda bir sıra dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi ilə bağlı təqdim edilmiş sənədlərin son ekspertiza işləri aparılır.
2002-ci ilin ötən dövrü ərzində dövlət müəssisələrinin bazasında 52 səhmdar cəmiyyəti təsis edilmişdir.
Ümumiyyətlə, indiyədək dövlət müəssisələrinin bazasında 1425 səhmdar cəmiyyəti yaradılmışdır.
May ayında 26 səhmdar cəmiyyətində səhmdarların birinci ümumi yığıncağının keçirilməsi vaxtı müəyyən edilmiş, 19 səhmdar cəmiyyətində yığıncaqların keçirilməsi təmin olunmuşdur.
Səhmləri bütövlükdə və yaxud bir hissəsi dövlətə məxsus səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyətinin araşdırılması, səhmdar cəmiyyətlərinin istehsal fəaliyyətinin öyrənilməsi, zəruri məlumatların əldə edilməsi, həmçinin səhmdarların birinci ümumi yığıncağında dövlətə məxsus səhmlərə görə səsvermə hüquqlarını yerinə yetirmək məqsədi ilə nazirliyin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin əməkdaşları Qobustan, Qəbələ, Xaçmaz rayonlarında və Gəncə şəhərində ezamiyyətdə olmuş, müvafiq tədbirlər görmüşlər.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti