REGİONLAR
DSMF-nin Salyan rayon şöbəsində əhaliyə elektron xidmət göstərilir
Salyan, 9 oktyabr, Mahir Babayev, AZƏRTAC
Ölkəmizdə əmək pensiyalarının həm baza, həm də sığorta hissəsinin artırılması və indeksləşdirilməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi xüsusi proqramla avtomatlaşdırılmış qaydada həyata keçirilməyə başlanılıb. Bu son elektron yeniliklərin tətbiqi bölgələrdə də uğurla həyata keçirilir. Belə ki, DSMF-nin Salyan rayon şöbəsində göstərilən elektron xidmətlər vətəndaşların işini xeyli asanlaşdırıb. Xeyli vaxtdır ki, şöbənin inzibati binasının girişində “Yardım masası” təşkil olunub. Tətbiq olunan bu xidmət vətəndaş-məmur əlaqəsini minimuma endirir, eyni zamanda, vaxt itkisinin qarşısını alır.
AZƏRTAC xəbər verir ki, hazırda rayon şöbəsində sosial sığorta ödəyicisi kimi 205 hüquqi, 986 fiziki şəxs qeydiyyatdadır. Bunların rüblük hesabatları tam olaraq avtomatlaşdırılmış elektron sistemlə həyata keçirilir. Bu sahədə son innovativ informasiya texnologiyalarının tətbiqi aparılan işlərin vaxtında yekunlaşmasına, pensiyaların nəzərdə tutulan qrafik üzrə ödənilməsinə şərait yaradır.
Qeyd edək ki, hazırda Salyan rayonu üzrə 15 min 895 nəfər pensiyaçı qeydiyyatdadır.