CƏMİYYƏT


DST-nin yeni baş direktoru ümumi tibbi sığortaya nail olmaq niyyətindədir

Bakı, 25 may, AZƏRTAC 

Dünya Səhiyyə Təşkilatının (DST) yeni baş direktoru Tedros Adhanom Gebreyesus ümumi tibbi sığortaya nail olmaq niyyətindədir. O, bunu DST-nin başçısı vəzifəsinə seçiləndən sonra birinci mətbuat konfransında bəyan edib. Doktor Tedros vəzifə səlahiyyətlərinin icrasına iyul ayında başlayacaq və bu vəzifədə 10 il DST-yə başçılıq etmiş Marqaret Çanı əvəzləyəcək.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, DST-nin yeni seçilmiş baş direktoru jurnalistlərə öz prioritetlərindən danışıb. Məsələn, o, qurumun üzvü olan bütün ölkələri öz vətəndaşlarını tibbi xidmətlə təmin etməyə çağırıb.

DST-nin yeni başçısı özünü jurnalistlərə təqdim edərkən onu öz adı ilə - doktor Tedros çağırmağı xahiş edib. Onun sözlərinə görə, anadan olduğu, səhiyyə naziri və xarici işlər naziri vəzifələrində çalışdığı Efiopiyada belə qəbul edilib.

Doktor Tedros yeni vəzifəsində ümumi tibbi sığortaya nail olmaq niyyətindədir. Onun sözlərinə görə, DST 70 il əvvəl məhz bu məqsədlə yaradılıb. Amma tibbi sığorta hələ də çoxları üçün əlçatmazdır. Doktor Tedrosun devizi budur: “Bütün yollar ümumi tibbi sığortaya aparmalıdır”.

Doktor Tedros xatırladaraq deyib: “1948-ci ildə dünyaya vəd olunub ki, səhiyyə hər kəs üçün əlçatan olacaq. Həmin məqsəd bu gün hələ də aktualdır. Planetimizin əhalisinin yarısının həkimə müraciət imkanı yoxdur, tibbi sığortadan məhrumdur. Artıq sözdən işə keçmək vaxtı gəlib çatıb. Bütün dünya bunu gözləyir. Səhiyyə insanın haqqıdır”.

DST-nin “baş həkimi”nin sözlərinə görə, ictimai səhiyyə sahəsində daha bir mühüm mövzu fövqəladə hallara reaksiya mövzusudur. Doktor Tedros xəbərdarlıq edərək deyib: “Epidemiyalar istənilən anda başlaya bilər. Biz buna hazır olmalıyıq. Demək olar, bütün ssenariləri nəzərdə tuta bilərik. Bəzi ölkələr mütəxəssislərin fövqəladə hadisələrə daim hazır olmaları üçün müntəzəm təlimlər keçirməyi təklif edirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.