CƏMİYYƏT
DST xəbərdarlıq edir: smartfonlar və gecə klubları eşitmə qabiliyyətiniz üçün təhlükəlidir
Bakı, 3 mart, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) müasir audioqurğuların eşitmə qabiliyyəti üçün təhlükəli olması barədə xəbərdarlıq edir.
Martın 3-ü Qulağın və Eşitmənin Sağlamlığını Beynəlxalq Mühafizə Günü kimi qeyd olunur. DST-nın məlumatına görə, bir milyarddan çox yeniyetmə və gənc smartfon və digər audioqurğulardan ifrat dərəcədə istifadə etdikləri üçün eşitmə qabiliyyətini itirə bilər. Səs-küyün təhlükəli həddə çatdığı barlarda, gecə klublarında və idman tədbirlərdə vaxt keçirmək daha bir risk amilidir.
Yüksək və orta gəlir səviyyəsi olan ölkələrdə aparılan tədqiqatların nəticələri göstərir ki, səs-küylü əyləncələr nəticəsində yaşı 12-35-dək olan gənclərin 40 faizinin eşitmə qabiliyyətini itirmək riski var. Fərdi audioqurğulardan düzgün istifadə olunmaması bu yaş kateqoriyasından olan gənclərin 50 faizinin sağlamlığına ziyan vura bilər.
Ekspertlər bildirirlər ki, səkkiz saat ərzində 85 desibeldən çox və ya 15 dəqiqə ərzində 100 desibeldən gur səs təhlükəlidir. Onlar sadə profilaktik tədbirlər görməyi, məsələn, qulaqlıqlarda səsin səviyyəsini azaltmaq, kütləvi tədbirlərdə isə səsboğan qulaqlıqlardan istifadə etməyi məsləhət görürlər.