MƏDƏNİYYƏT
D.Staponkus: Azərbaycanda mədəni sahənin inkişafına böyük diqqət yetirilir
Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Litva Musiqi və Teatr Akademiyasının professoru, dövlət nəfəs alətləri orkestrinin rəhbəri Deyvidas Staponkus fikirlərini AZƏRTAC-la bölüşüb.
O deyib: “İki il Litvada mədəniyyət nazirinin müavini kimi fəaliyyət göstərmişəm. Artıq dördüncü dəfədir ki, Bakıdayam. Bu günə qədər Bakının ev sahibliyi etdiyi bütün beynəlxalq teatr festivallarında iştirak etmişəm. Bir dəfə isə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda təmsil olunmuşam. Bilirəm ki, belə teatr festivallarının keçirilməsi çox böyük zəhmət, təcrübə tələb edir. Azərbaycanda mədəni sahənin inkişafına böyük diqqət yetirilir. Təşkil olunan silsilə möhtəşəm beynəlxalq mədəniyyət tədbirləri bunun əyani sübutudur.
Qonaq bildirib ki, belə tədbirlər insanlara başqa ölkələrdə olmaq, baş verən hadisələr, yeniliklərlə bağlı məlumat almaq şansı verir. Bununla da biz başqa ölkələrin teatr sistemini, modellərini öyrənirik ki, bu da çox vacibdir. Biz belə teatr konfranslarında iştirak etdikcə, yeni-yeni təcrübələr mənimsəyir, fikir mübadiləsi aparırıq. İnanıram ki, Bakıda dinlənilən və müzakirə olunan teatr proseslərinə həsr olunmuş məruzələr, fikirlər dünyanın sənət məbədlərinə öz müsbət töhfəsini verəcək və biz yenidən bir araya gəlmək üçün səbirsizliklə növbəti teatr konfransını gözləyəcəyik.