SİYASƏT
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ TBİLİSİDƏ DƏ QEYD EDİLDİ
Dekabrın 31-də ölkəmizin Gürcüstandakı səfirliyi Tbilisinin “Gənclər sarayı”nda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə qəbul təşkil etmişdir. Qəbulda Gürcüstanın rəsmi nümayəndələri, xarici dövlətlərin Tbilisidə akkreditə olunmuş səfirləri, soydaşlarımızın təmsilçiləri iştirak edirdilər.
Respublikamızın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev mərasimi açaraq, Dünya azərbaycanlılarının həmrəylik günü bayramının bir çox ölkələrdə təntənəli surətdə qeyd olunduğu barədə məlumat verdi və dövlətimizin başçısı Heydər Əliyevin bütün dünyadakı həmvətənlərimizə və soydaşlarımıza müraciətini oxudu.
Gürcüstan prezidentinin milli məsələlər üzrə müşaviri Aleksey Gerasimov dövlət rəhbəri Eduard Şevardnadzenin dünyada, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılara təbrikini oxudu. Sonra o, ölkədə gedən quruculuq proseslərində azərbaycanlıların yaxından iştirak etdiyindən, müasir dövrün görkəmli dövlət xadimləri Heydər Əliyevin və Eduard Şevardnadzenin səyləri sayəsində xalqlarımız arasında dostluğun və iqtisadi əlaqələrin möhkəmlənməsindən danışdı.
Gürcüstanda yaşayan soydaşlarımız adından çıxış edən natiqlər xalqımızı və onun qüdrətli oğlu cənab Heydər Əliyevi bu gözəl bayram münasibətilə ürəkdən təbrik edərək, əmin olduqlarını bildirdilər ki, Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin başçılıq etdiyi ölkə məhz onun qətiətli və coşqun fəaliyyəti sayəsində bütün çətinliklərdən uğurla çıxacaq, Azərbaycan dövlətçiliyi getdikcə möhkəmlənəcək, Qarabağın başı üstündəki qara buludlar tezliklə çəkiləcəkdir. Biz sevinirik ki, çox sədaqətli dostlar olan Heydər Əliyevin və Eduard Şevardnadzenin xidmətləri sayəsində Azərbaycan və Gürcü xalqları arasında qədim dostluğun və xoş münasibətlərin salnaməsinə yeni-yeni parlaq səhifələr yazılır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi