CƏMİYYƏT
Dağ yəhudiləri Yeni il (“Roş-Ha-Şana”) bayramına hazırlıq görürlər
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycandakı Dağ yəhudiləri icmasında dünya yəhudilərinin qeyd edəcəyi Yeni il bayramı – “Roş-Ha-Şana” münasibəti ilə hazırlıq tədbirlərinə start verilib.
İcmadan AZƏRTAC-a bildiriblər ki, dünya yəhudiləri “Roş-Ha-Şana” bayramını sentyabrın 14-də qeyd edəcəklər.
Artıq dördüncü ildir ki, Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin təşəbbüsü və təşkilatçılığı ilə icmanın aztəminatlı üzvlərinə ərzaq yardımı edilir. Bu il də “Roş-Ha-Şana” bayramı ərəfəsində 300 ailəyə ərzaq paketi (düyü, qənd, şam, yağ, çay, bal, yumurta, alma, koşer toyuğu) təqdim olunacaq. Bayram sovqatları arasında bal və almanın yer alması təsadüfi deyil. Ənənəyə görə, alma bala batırılır və bu, növbəti ilin bal kimi şirin, eləcə də süfrələrin ruzi-bərəkətli olması mənasını verir. Qeyd edək ki, oxşar ərzaq yardımı yəhudilərin yaz ayında qeyd etdiyi müqəddəs “Pesax” bayramında da təşkil olunur.
Dağ yəhudiləri icmasının həyatında daha bir yenilik baş verir. Belə ki, sentyabrın 1-də Yasamal rayonu ərazisində yerləşən “Qurd qapı”sı adlanan qəbiristanlığın yəhudi hissəsində dəfn mərasiminin təşkili üçün nəzərdə tutulan xüsusi binanın tikintisinə başlanacaq. Milix Yevdayevin təşəbbüsü ilə inşa edilən binandan bütün yəhudilər (dağ yəhudiləri, Avropa və gürcü yəhudiləri) istifadə edə biləcəklər. Xidmət ödənişsiz olacaq.
Yəhudi təqviminə görə yeni 5776-cı ilin gəlişi münasibəti ilə dağ yəhudiləri sinaqoqunda böyük bayram süfrəsi açılacaq, dualar oxunacaq, şənliklər təşkil olunacaq. Tədbirə İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri dəvət olunub.
Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin sözlərinə görə, “Roş-Ha-Şana” özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bayramdır. Bu gün Azərbaycan etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin qorunub saxlandığı, müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud olduğu nadir məkanlardandır. Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri var. M.Yevdayev məmnunluqla qeyd edir ki, yəhudi əsilli Azərbaycan vətəndaşları hazırda böyük inkişaf və tərəqqi dövrünü yaşayan doğma ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi dövlət quruculuğu prosesində fəal mövqe tuturlar.