CƏMİYYƏT
Dağınıq skleroz xəstəliyinin neyroradioloji diaqnostikasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub
Bakı, 22 fevral, AZƏRTAC
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Dağınıq sklerozun diaqnostikasında radioloqların rolu” mövzusunda dəyirmi masa keçirilib. İnstitutun nevrologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Rəna Şirəliyevanın rəhbərliyi ilə keçirilən tədbirdə paytaxtın dövlət səhiyyə müəssisələrində çalışan həkim-radioloqlar iştirak edib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da dağınıq skleroz xəstəliyinin diaqnostikasında radioloqların rolu və vəzifələri müzakirə edilib, bu xəstəliyin diaqnostik meyarları barədə məlumatlar verilib. Qeyd olunub ki, xəstəliyin diferensial diaqnostikasında radioloji metodların xüsusi yeri var. Aparılan diskussiyalar zamanı iştirakçıların dağınıq sklerozun diaqnostikası barədə fikirləri dinlənilib. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın yerinə yetirilməsinin səmərəliliyinin artırılması üçün tədbirlər planı qəbul olunub.
Qeyd edək ki, dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin ən aktual problemlərindən biridir. Bu xəstəlik əsasən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət, müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır.
Dövlət Proqramının qəbul olunması bu xəstəlikdən əziyyət çəkənlərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılması, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradıb. Dövlət Proqramı fəaliyyətə başlayan zamandan 1300-dən artıq xəstə müayinə edilib, onların 1100-dən çoxunda dağınıq skleroz diaqnozu təsdiqlənib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həmin xəstələrin sayına görə zəruri olan dərman preparatları alınıb və xəstələr davamlı olaraq bu preparatlarla təmin olunurlar.
Dövlət Proqramından irəli gələn vəzifələr mütəmadi olaraq yerinə yetirilir. Hər il Proqram çərçivəsində müxtəlif görüşlər, seminarlar və konfranslar keçirilir.