CƏMİYYƏT
Dağıstan turunu ovlayanlara yüksək məbləğdə cərimə kəsildi
Bakı, 26 yanvar, AZƏRTAC
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yanvarın 21-dən 25-dək növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı “Şərbətqobu” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan Füzuli rayonunun Mahmudlu-2 kənd sakini Səbuhi Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi və 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində isə qanunsuz ov edən Balakən rayonunun Katex kənd sakinindən 1 ədəd ov tüfəngi götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə tətbiq edilib.
Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisində qanunsuz ovla məşğul olan Oğuz rayonunun Filfilli kənd sakini Pənah Ağayevdən 1 ov tüfəngi və 3 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində müvafiq qaydada akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.
Tovuz rayonu ərazisində keçirilmiş reyd zamanı isə ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi və 2 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Tovuz Rayon Polis Şöbəsinə müraciət edilib.
Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində ovla məşğul olan Ağcabədi şəhər sakini Mikayıl Məhərrəmov saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Şahdağ Milli Parkının Qəbələ bölməsinin ərazisində qanunsuz ovla məşğul olan Qəbələ rayonunun Bum qəsəbə sakinləri Arzu Eyvazov, Fədayi Xəlilov, Baba Şirinov, Taleh Yusifov saxlanılıblar. Onlardan 3 ov tüfəngi və 1 ədəd ovlanmış Dağıstan turu götürülüb. Təqsirkar şəxslər barəsində müvafiq qaydada akt və protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 4900 manat məbləğində cərimə edilib.
Sarısu gölünün Saatlı rayonuna aid ərazisində ov edən Saatlı rayon sakinləri Zahid Novruzov və Ülkər Qarayev saxlanılaraq onlardan 2 ov tüfəngi, 5 patron və 23 ədəd ovlanmış ördək götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq, ümumilikdə 2115 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Reydlər davam etdirilir.