CƏMİYYƏT
Dağıstanlı tələbələrin Tibb Universitetindəki təcrübəsi başa çatıb
Bakı, 1 iyun, AZƏRTAC
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli universitetdə yay təcrübəsi keçən dağıstanlı tələbələrlə görüşüb. Universitetin mətbuat xidmətinin AZƏRTAC-a verdiyi xəbərə görə, təcrübə müddətində təhsil ocağının qonağı olan, Dağıstan Dövlət Tibb Universitetinin terapiya fakültəsinin professoru Ali Hüseynov tələbələr üçün yaradılan şəraitə görə rektora təşəkkür edib: “Universitetin yataqxanalarında tələbələrimiz üçün çox gözəl şərait yaradılmışdı. Bizim üçün universitetin klinikalarının olması xəyal olaraq qalır. Sizin klinikalarda həm tədris, həm də keyfiyyətli tibbi xidmət üçün hər cür şərait var. Bu səfər bizim tələbələrimiz üçün unudulmaz təcrübə olacaq”.
Dağıstan Tibb Universitetinin professoru qeyd edib ki, Azərbaycan Tibb Universitetində təcrübə keçmək istəyən tələbələrin sayı kifayət qədər çox olsa da, gərgin müsabiqə nəticəsində onların arasından ən layiqli 7 namizəd seçilib.
Professor Gəray Gəraybəyli xoş sözlər üçün dağıstanlı həmkarına təşəkkür edib. Rektor bildirib ki, bu, Azərbaycan Tibb Universiteti ilə Dağıstan Dövlət Tibb Universiteti arasında mövcud əməkdaşlıq müqaviləsi çərçivəsi proqramında atılan ilk addım kimi qiymətləndirilə bilər. O, gələcəkdə ali məktəblər arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə ümid bəslədiyini söyləyib.
Qeyd edək ki, Dağıstan Dövlət Tibb Universitetinin tələbələri iki həftə davam edən yay təcrübəsi zamanı Tibb Universitetinin həm Tədris Terapevtik, həm də Tədris Cərrahiyyə Klinikalarında məşğələ keçiblər. Onlar təcrübə müddətində Bakının görməli yerləri ilə də tanış olublar.
Görüşün sonunda çıxış edən dağıstanlı tələbələr xoş münasibət və yaradılan yüksək şərait üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.