REGİONLAR
“Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri: Tütünqurutma kameralarının sayının artırılmasına ehtiyac var
Zaqatala, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin iştirakçıları arasında olmaq, çıxış etmək mənim üçün çox qürurverici idi. Dövlətimizin başçısının müşavirədəki nitqindən bir daha əmin oldum ki, Prezident bölgəmiz üçün xarakterik olan bu ənənəvi sahələrdəki mövcud vəziyyət barədə tam məlumatlıdır və fermerlərin üzləşdikləri problemləri, çətinlikləri yaxşı bilir. Dövlətimizin başçısı bildirdi ki, fermerlərə dövlət tərəfindən göstərilən dəstək davam edəcək və daha güclü olacaq. Bu, biz fermerlərin ürəyincədir.
Bu fikirləri respublika müşavirəsinin iştirakçısı, Zaqatala rayonu “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri Telman Həsrətov AZƏRTAC-a müsahibəsində səsləndirib.
Fermer tütünçülüklə ikinci ildir ki, məşğul olur. Ötən il ilk dəfə 65 hektar sahədə tütün əkib, 700 ton yaşıl tütün kütləsi, 52 ton quru tütün istehsal edib. Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer bu il tütün əkini sahələrini daha da genişləndirərək 110 hektara çatdırıb.
Telman Həsrətov bildirib ki, bu il tütün sahələrindən 1500-2000 ton məhsul götürməyi planlaşdırır. Mövsümün əvvəlindən bu günədək qəbul məntəqəsinə 150 tondan artıq yaşıl tütün kütləsi təhvil verib. Tütün yığımına 50 nəfərədək mövsümi işçi cəlb olunub.
Çətinliklərə toxunan fermer tütünqurutma kameralarının sayının artırılmasına ehtiyac olduğunu vurğulayaraq deyib: “Sahələrdə tütün çoxdur. Sadəcə, kameraların az olması işimizi çətinləşdirir. Gün ərzində qəbul məntəqəsinə daha çox tütün təhvil verə bilərik. Lakin məntəqədəki qurutma kameraları tütünlə dolu olduğundan gözləməli oluruq. Çünki bu məntəqəyə qonşu Balakən rayonundan da qurudulmaq üçün yaşıl tütün gətirilir. Nəticədə yetişdirdiyimiz tütün uzun müddət sahədə günün altında qalır, keyfiyyəti aşağı düşür, çəkisi azalır, bu isə qazancımıza təsir göstərir”.
Qeyd edək ki, zaqatalalı fermer müşavirədəki çıxışında da kameraların sayının artırılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
Müşavirədə səslənən çıxışlara münasibət bildirən Prezident İlham Əliyev yekun nitqində deyib: “Burada da bu təklif səsləndi ki, bizdə qəbul məntəqələri və qurutma kameraları lazımi səviyyədə deyil. Yəqin bunun da səbəbi ondan ibarətdir ki, - mən də bunu qeyd etdim, - iki il bundan əvvəl cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə 13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə, hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları olmalıdır. Dövlət öz dəstəyini göstərməyə hazırdır. Mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Prezident Administrasiyasına tapşırıram ki, bu məsələ ilə məşğul olsunlar, bu kameralar tezliklə alınsın”.