REGİONLAR


Dağlar qoynundakı təbiət möcüzəsi: Buzluq kəndi - FOTOREPORTAJ VİDEO

Goranboy, 24 iyul, AZƏRTAC

Kiçik Qafqaz dağlarında təbiətin möcüzələrlə dolu əsrarəngiz qoynunda çoxlarının tanımadığı, haqqında belə eşitmədiyi bir kənd var. Bu kənd bir-birini təkrar etməyən, bənzərsiz təbiət mənzərələri ilə zəngin olan Goranboy rayonunun Buzluq kəndidir.

Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən kənd Kəpəz və Murov dağlarının əhatəsindədir. Əlvan çəmənliklərlə, sıx və zəngin meşələrlə əhatə olunan Buzluq bir təbiət möcüzəsidir. Dağlardan gələn bulaqların buz kimi şəffaf suyu axıb kəndin içindən keçən çaya qovuşur. Ağ bulaq, Qum bulaq, Qafar bulağı, Göyrüşlü bulaq, Daşlı bulaq və sair bulaqlar, kənddən bir qədər yuxarıda dağlardan tökülən şəlalə kəndin sakinləri və qonaqlar üçün əsl istirahət məkanlarıdır.

Buzluq kəndinin əhalisi əsasən heyvandarlıqla məşğul olur. Kəndin ətrafında çəmənliklərin və otlaqların olması bu sahənin inkişafına geniş zəmin yaradır.

Kəndin dağları kəklikotu, qantəpər, gülxac, çobanyastığı, çörək gülü, zirə, dəvədabanı, qatırquyruğu, baldırğan və sair dərman bitkiləri ilə zəngindir. Bitki örtüyünün rəngarəngliyi səbəbindən yerli əhali həm də arıçılıqla məşğul olur. Meşələrində vələs, cökə, palıd, ağcaqayın, göyrüc, həmçinin qoz, fındıq, alma, armud, alça, zoğal ağacları, böyürtkən, qarağat, moruq, itburnu kolları üstünlük təşkil edir.

Sıx meşələrin əhatəsində qaya daşlarının altında yayın istisində belə buz parçaları görmək olar. Elə kəndin adı da yəqin ki, bu səbəbdən buzluq adlanır.

AZƏRTAC-ın müxbiri Buzluq kəndindən çəkilmiş fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.