QAN YADDAŞI
Dağlıq Qarabağ problemi bizim qanlı yaramızdır
Bakı, 26 fevral, AZƏRTAC
Mən ermənilərin Xocalıda törətdikləri cinayəti öz gözlərimlə gördüm, sanki bu, dünən baş verib. Yaxın adamlarımı itirməyimlə indiyədək barışa bilmirəm. Həmin müdhiş gecədə ermənilərin qəddarlığının hüdudu yox idi. Onlar bütöv ailələri məhv etdilər, nə qədər uşağı yetim qoydular. Girov götürülən adamlardan 150 nəfərin taleyi indiyədək məlum deyil. Bütün bunlar qəlbimi ağrıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Xocalı sakini Sahibə Şahmuradova deyib. “Dağlıq Qarabağ problemi bizim qanlı yaramızdır. Prezident İlham Əliyev bu problemin həll üçün məqsədyönlü iş aparır. Azərbaycan ordusu gündən-günə güclənir. Mən Azərbaycan vətəndaşı kimi bununla qürur duyuram. Ümummilli lider Heydər Əliyev deyərdi ki, biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik. Mən də əminəm ki, biz bu günü tezliklə görəcəyik”, - deyə S.Şahmuradova bildirib.