REGİONLAR
Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib
Bakı, 27 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun aprelin 27-də Qobustan rayonunun Mərəzə qəsəbəsində keçirdiyi işgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, quşçuluq, müalicə-sağlamlıq kompleksinin inşasına və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, arıçılıq və bağçılıq təsərrüfatlarının, süd emalı və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2017-ci ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 25 milyon manat güzəştli kredit ayrıldığını, bu investisiya layihələrinin reallaşdırılmasının 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini bildirib.
Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,1 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Qobustan rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatına baxış keçirilib.