CƏMİYYƏT
Dağlıq ərazilərdə meşə yanğınlarının qarşısının alınması məqsədilə növbəti təlim keçirilib
Bakı, 22 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi dağlıq ərazilərdə meşə yanğınlarının qarşısının alınması məqsədilə Lerik rayonunun Vizəzəmin meşəbəyliyində növbəti təlim-məşq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim-məşqdə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad meşə mühafizəsi və bərpası müəssisələrinin nümayəndələri ilə yanaşı, Hirkan Milli Parkının və Qızılağac Dövlət Təbiət Qoruğunun bu sahə üzrə məsul əməkdaşları da iştirak ediblər.
Təlimlər zamanı mərkəzin mütəxəssisləri tərəfindən yüksək dağlıq ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulu öyrədilib. Məşqlərdə iştirak edən işçi heyətinə mərkəzə məxsus xüsusi təyinatlı yanğınsöndürən avtomaşın və motopompalar vasitəsilə suyun daha uzaq məsafələrə vurulması ilə bağlı bilgilər verilib. Eyni zamanda, alovun geniş ərazilərə yayılmasının qarşısının alınması, qüvvə və vasitələrin dərhal yanğın baş vermiş əraziyə cəlb olunması və sistemli şəkildə idarə edilməsi əyani şəkildə göstərilib.
Mövsümə uyğun olaraq belə təlim-məşqlərin mütəmadi təşkili meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarətin gücləndirilməsinə, baş verə biləcək fövqəladə ekoloji hadisələrin qarşısının alınmasına, meşə yanğınları ilə mübarizə formalarının təkmilləşdirilməsinə yönəlib.