REGİONLAR
Daha 25 gənc biznes inkubator iştirakçısı seçilib VİDEO
Xaçmaz, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatora mart ayında keçirilən növbəti müsabiqədə daha 25 gənc iştirakçı seçilib. Biznes inkubatorun yeni iştirakçılarına kənd təsərrüfatı, turizm, İKT, xalçaçılıq, dizayn, emal, xidmət və digər sahələr üzrə biznes ideyalarını reallaşdırmaq üçün hər cür imkan yaradılıb. Gənclərin sahibkar kimi formalaşmasında biznes inkubatorların əhəmiyyətli rolu nəzərə alınaraq bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 11-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları ilə görüşdə məlumat verilib.
“Sahibkarlığın inkişafında biznes inkubatorların rolu” mövzusunda təşkil edilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının yerli nümayəndəliyinin əməkdaşları, eləcə də biznes inkubatorun 45 üzvü iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. Bu istiqamətdə görülən işlər barədə məlumat verən S.Məmmədov gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasında və məşğulluğunun təmin edilməsində biznes inkubatorların əsas mexanizmlərdən olduğunu qeyd edib. Bildirilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər mühüm sənədlərdə ölkədə biznes inkubatorların yaradılmasına xüsusi diqqət yetirilir. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış ilk biznes inkubatorun fəaliyyəti də gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir.
Diqqətə çatdırılıb ki, biznes inkubatorun iştirakçıları İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası nümayəndələrindən təşkil olunmuş komissiya tərəfindən seçilir. İndiyədək iki müsabiqə keçirilib. Birinci müsabiqə zamanı 20 gənc biznes inkubator iştirakçısı seçilib və bir il ərzində onlar üçün treninqlər, beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, biznes ideyaları müsabiqəsi və digər tədbirlər təşkil olunub, davamlı məsləhət xidmətləri göstərilib.
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Xaçmaz rayon nümayəndəsi Famil Baxışov və digərləri çıxışlarında gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində görülən işlər, bu sahədə biznes inkubatorun rolu, iştirakçıların seçilməsi prosesi və biznes inkubator iştirakçılarına yaradılan şərait barədə məlumat veriblər.
Biznes inkubatorun iştirakçısı olan gənc sahibkarlar gördükləri işlərdən danışıb, ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən kompleks dəstək tədbirlərinə görə dövlət başçısına minnətdarlıq ifadə ediblər.
Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun otaqlarının açarları yeni seçilən iştirakçılara təqdim edilib. Tədbir iştirakçıları biznes inkubatorun fəaliyyəti üçün yaradılmış şəraitlə tanış olublar.
Tədbir çərçivəsində biznes inkubatorun iştirakçısı olan gənc sahibkarlar tərəfindən istehsal olunan məhsullar nümayiş etdirilib.