CƏMİYYƏT


Daha 500 nəfərdən çox əlilliyi olan şəxs münasib iş yerləri ilə təmin edilib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və məşğulluğunun təminatı diqqətdə saxlanılır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının bu istiqamətdə həyata keçirdikləri tədbirlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında əlavə olaraq daha 501 nəfər əlilliyi olan şəxs münasib iş yerləri ilə təmin olunub. Onlardan 158 nəfərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təminatı həyata keçirilib.

Bununla yanaşı, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin, boş vaxtları ərzində əlavə qazanc əldə etmək üçün Xidmətin Əmək Birjaları vasitəsilə qısamüddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunanların da bir qismini əlilliyi olan şəxslər təşkil edib.

Yanvar-sentyabr aylarında nazirlik tərəfindən 353 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına da cəlb edilib. Həmin şəxslərdən 131 nəfəri nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına, 222 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.