CƏMİYYƏT
Daha 50 nəfər əlilliyi olan şəxs Xaçmazdakı Nabran istirahət zonasına yola salınıb
Bakı, 23 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq daha 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, proqrama əsasən, cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Ötən aydan etibarən bu istiqamətdə müvafiq işlərə başlanılıb və artıq 805 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Quba rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.
Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.
Əlilliyi olan şəxslər onların maddi təminatlarının artırılması, tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə uğurla davam etdirilməsindən razılıqlarını ifadə ediblər. Onlar belə tədbirlərin əlilliyi olan insanlara cəmiyyətin digər üzvləri kimi bərabər imkanların yaradılmasına xidmət etdiyini qeyd edərək, göstərilən diqqət və qayğıya, o cümlədən yaz-yay mövsümündə istirahət etmələri üçün aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını vurğulayıblar.