ELM VƏ TƏHSİL
Daha bir cəbrayıllı müəllim diaqnostik qiymətləndirilmədə maksimum nəticə göstərib
Bakı, 31 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində 100 faiz nəticə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Cəbrayıl rayonunun şəhid Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin ingilis dili müəllimi İntiqam Rəhimli diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq maksimum nəticə göstərib. O, 60 bal toplamaqla respublika üzrə rekord nəticə göstərib. İntiqam Rəhimli hələ ali məktəbə daxil olarkən qəbul imtahanlarında göstərdiyi yüksək nəticə ilə Prezident təqaüdçüsü olub.
Qeyd edək ki, bundan əvvəl Bərdədə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində Cəbrayıl rayonu 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mahmud Musayev diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq maksimum nəticə göstərmişdi. O da 60 bal toplamaqla respublika üzrə maksimum nəticə göstərən bir neçə müəllim sırasına daxil olmuşdu.