DÜNYA
Daha bir namizəd BMT-nin Baş katibi postu uğrunda mübarizədən imtina edib
Bakı, 25 avqust, AZƏRTAC
Monteneqronun baş nazirinin müavini İqor Lukşiç BMT-nin Baş katibi postuna namizədliyini geri götürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT rəsmi məlumat yayıb. Xəbərə görə, İqor Lukşiç BMT-nin rəhbəri seçiləcəyi təqdirdə gender bərabərliyinə nail olunmasına, insan haqlarının qorunması mexanizmlərinin möhkəmləndirilməsinə, regional tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə çalışacağına söz vermişdi. Lakin o, baş katib vəzifəsi uğrunda mübarizədən imtina etdiyini açıqlayıb.
Bundan əvvəl isə Xorvatiyadan Vesna Pusiç də BMT-nin rəhbəri postuna namizədlikdən imtina etmişdi. Hazırda bu vəzifəyə 10 nəfər namizəd var. Bunlar Makedoniyadan Srcan Kərim, Sloveniyadan Danilo Türk, Bolqarıstandan İrina Bokova, Moldovadan Natalya German, Serbiyadan Vuk Yeremiç, Slovakiyadan Miroslav Layçak, Portuqaliyadan Antonyu Qutteriş, Yeni Zelandiyadan Helen Klark, Argentinadan Susana Malkorra və Kosta Rikadan Kristina Fiqeresdir.
Yeni baş katibin namizədliyini Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya təsdiq edir. İndiyədək TŞ-də iki səsvermə mərhələsi keçirilib. Üçüncü mərhələnin avqustun 29-da baş tutacağı planlaşdırılır.