REGİONLAR
İstedadlı bəstəkar Ərtoğrol Cavidin doğum günü qeyd olunub
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrol Cavidin doğum gününə həsr edilmiş ədəbi-musiqili mərasim olub.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Cavidlər nəslinin nümayəndələrinin keçdiyi çətin, məşəqqətli, lakin şərəfli ömür yolundan söz açıb. Bildirib ki, onların həyatı və yaradıcılığı gənclərimizin Azərbaycan tarixini dərindən öyrənməsi, görkəmli şəxsiyyətlərimizi yaxından tanıması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün həm Hüseyn Cavidin, həm Ərtoğrol Cavidin yaradıcılığı dövlət qayğısı ilə əhatə olunub.
İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxışında gözəl musiqi və rəsm əsərlərinin, ədəbi parçaların müəllifi olan Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən danışıb. Bildirilib ki, 24 il ömür sürməsinə baxmayaraq, Ərtoğrol Cavid 200-dən çox el havalarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb. O, öz yaradıcılığında onlardan faydalanaraq 50-dən çox gözəl şeir və ecazkar musiqi əsərləri yaradıb. İstedadlı bəstəkar 1943-cü ildə Naxçıvanda vəfat edib. Ərtoğrol Cavidin məzarı ölümündən 53 il sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb.
Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Nərminə Qədimovanın və baş müəllim Xalubər Namazovanın müşayiəti ilə “Eşq olsun” mahnı-marşı, “Skripka və fortepiano üçün poema”, “Səninlə olaydım”, “Melodiya”, “Doqquz variasiya” kimi musiqi əsərləri ifa olunub.