REGİONLAR
Dahi lider Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir VİDEO
Qax, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Xalqa bağlanan ömür” mövzusunda elmi-praktik konfransın iştirakçıları əvvəlcə burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən zəngin ekspozisiya ilə tanış olublar.
Konfransda Ümummilli Liderin zəngin həyat yolundan, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, dünyada nüfuzunun artması istiqamətində gördüyü işlərdən ətraflı bəhs edilib. Bildirilib ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Ulu Öndərə tariximizin yaddaşına əbədi həkk olunmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırıb. Bütün mənalı həyatını xalqının tərəqqisinə və inkişafına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Vurğulanıb ki, Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir. Nə qədər Azərbaycan var, Ulu Öndərimiz də bir o qədər ürəklərdə yaşayacaq.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.