SİYASƏT


“Daily Herald” qəzetində Azərbaycan-ABŞ münasibətlərindən bəhs edən məqalə dərc olunub

Vaşinqton, 22 may, AZƏRTAC

Vaşinqton ştatının aparıcı qəzetlərindən biri olan “Daily Herald”da Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın “Boeing” şirkətinin istehsal etdiyi təyyarələri almasından, habelə Azərbaycan ilə ABŞ arasında iqtisadi və siyasi münasibətlərdən danışılır.

Müəllif yazır ki, Azərbaycan Birləşmiş Ştatların Xəzər regionunda tərəfdaşı kimi tarixi İpək Yolu boyunca mühüm nəqliyyat qovşağına çevrilir. “Silk Way Airlines” şirkətinin 10 ədəd “Boeing 737-Max 8” təyyarəsini sifariş etməsi bunu təsdiqləyir. Təyyarələr Vaşinqton ştatının Renton şəhərində “Boeing” şirkətinin zavodunda istehsal ediləcək. İqtisadi imkanların yaradılması və enerji resursları təchizatının sabitləşdirilməsi ilə yanaşı, Azərbaycan terrorizmə qarşı mübarizədə və planetin müxtəlif regionlarında sülh yaradılmasında da ABŞ ilə əməkdaşlıq edir.

“Bizim son sövdələşməmiz Renton zavodunda 12 mindən çox işçi yerini saxlamağa kömək edir”, - deyə E.Süleymanov vurğulayır. Sirr deyil ki, hazırda genişfüzelyajlı təyyarələrə tələbatın azaldığı aerokosmik sahədə Azərbaycanın simasında ixrac bazarının meydana çıxması “Boeing” şirkətinə mühəndislərin və bu sahədə digər mütəxəssislərin ixtisara salınmasının qarşısını almağa şərait yaradır.

Məqalədə deyilir: Bu, “Boeing” təyyarələrinin alınmasında Azərbaycanın üçüncü böyük investisiyasıdır. 2015-ci ildə “Silk Way” şirkəti Everett şəhərində “Boeing” şirkətinin 20 min əməkdaşının çalışdığı zavoddan “Boeing 747-8” üç yük təyyarəsi alıb. Həmin il Azərbaycanın ən böyük “Azərbaycan hava yolları” aviaşirkəti özünün ilk “Boeing 787 Dreamliner”ini alıb. Təyyarə Cənubi Karolina şirkətində yığılıb. Bu gün “Azərbaycan Hava Yolları” şirkətinin “Dreamliner”i ölkələrimizi Bakı-Nyu-York birbaşa reysi ilə birləşdirir.

Azərbaycanın Birləşmiş Ştatlarla tərəfdaşlığı digər sektorlarda da genişlənir. 2001-ci il 11 sentyabr terror hücumundan sonra ilk 24 saat ərzində Azərbaycan ABŞ-a terrorizmə qarşı mübarizədə birmənalı dəstəyini təklif edib, Amerika hərbi təyyarələrinə Azərbaycanın hava məkanından uçuş imkanı yaradıb. “Biz terrorizmə, nüvə silahının yayılmasına və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də ABŞ və onun müttəfiqləri ilə əməkdaşlığı davam etdiririk”, - deyə azərbaycanlı diplomat məqalədə vurğulayır.

Bir gündə Avropaya nəql edilən neftin təxminən milyon barrelini Azərbaycan təmin edir. Azərbaycan neftinin İsrailin istehlakında payı 40 faizə çatır. Cənub Qaz Dəhlizinin yeni kəmər şəbəkəsi ilə Azərbaycan hər il Avropaya 16 milyard kubmetr qaz ötürəcək ki, bununla da Avropanın enerji təhlükəsizliyinə və dünya iqtisadiyyatının sabitləşməsinə öz töhfəsini verəcək.

Məqalədə daha sonra deyilir ki, Azərbaycanın Birləşmiş Ştatlara İslam dünyasında körpülər qurmaqda köməyi neft buruqları tikintisindən heç də az əhəmiyyət daşımır. Müsəlmanların üstünlük təşkil etdiyi dünyəvi cəmiyyət olan Azərbaycan islam, xristian və iudaizm üçün dini azadlıq təklif etməklə plüralizm və mötədilliyin nümunəsidir. Hazırda Azərbaycandakı 30 minlik yəhudi icması 1400 il ərzində müsəlmanlarla sülh və əmin-amanlıq şəraitində yaşayıb.

Avropa təsisatlarının, o cümlədən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, habelə 56 müsəlman ölkəsini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan qarşılıqlı anlaşmanın qurulmasına kömək edir. Azərbaycan səfiri məqalənin sonunda yazır: “Biz ABŞ, İsrail, Avropa İttifaqı və müsəlman dövlətləri ilə sıx əlaqələr yaratmaqla ölkələr arasında mübahisə və təfriqələri dialoqa çevirməyə çalışırıq”.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.