İQTİSADİYYAT


Dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Dairəvi dəmir yolunun qoyuluşuna başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, məlum olduğu kimi, noyabr ayının birinci ongünlüyündə Bakı sərnişin–Pirşağı–Sumqayıt istiqamətində 29,2 kilometr uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.

İlkin olaraq dairəvi dəmir yolunun Nərimanov–Böyükşor mənzilində 2,2 kilometr uzunluğunda olan hissəsinin torpaq yatağının işlənməsi həyata keçirilib. Artıq köhnə torpaq yatağı hazırlanıb və bu gün yolun qoyuluşuna başlanılıb.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Bu gün 750 metr uzunluğunda yolun qoyuluşu planlaşdırılır. Artıq 500 metr yol qoyulub.

QSC-dən bildirilib ki, ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzilbaşına rahat və təhlükəsiz şəraitdə çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.