İDMAN


Dakar rallisi yüksək həyəcan və gərgin idman mübarizəsi şəraitində keçirilir

Bakı, 10 yanvar, AZƏRTAC

Avtomobil aləminin ən nüfuzlu və maraqlı yarışlarından olan Dakar ralli yarışı artıq ekvator xəttinə çatıb.

AZƏRTAC Azərbaycan Avtomobil Federasiyasının saytına istinadla bildirir ki, başa çatan 7-ci mərhələdə qeydə alınan nəticələrdə avtomobillərin mübarizəsində ilk iki yeri “Peugeot” komandasının təmsilçiləri tutublar. Boliviya ərazisində La–Pasdan Uyuniyə qədər uzanan 322 kilometr məsafəni hamıdan tez Stefan Peteransel qət edib. Fransalı pilotun yekun nəticəsi 1 saat 54 dəqiqə 8 saniyə olub. Ondan 0,48 saniyə geri qalan Sebastyen Löb finişə ikinci, “Toyota” kollektivinin nümayəndəsi Jiniel de Vilyers üçüncü gəlib.

Kvadrosikllərin yarışında isə ilk üç yerdə “Yamaha” təmsilçiləri - müvafiq olaraq, Serqey Karyakin, Aksel Dyütre və İqnasio Kasale qərarlaşıblar.

Motosikletçilərin mübarizəsi də maraqlı və gərgin alınıb. Burada “Honda” komandasının pilotları bütün rəqiblərini geridə qoyublar. Amerikalı Rikki Brabek təyin olunan marşrutu 2 saat 2 dəqiqə 5 saniyəyə qət etməklə komanda yoldaşı portuqaliyalı Paulu Qonsalveşi 1 dəqiqə 44 saniyə geridə qoyub. İlk üçlüyü KTM-in britaniyalı üzvü Sem Sanderlend tamamlayıb.

Yük avomobillərinin yarışında isə əsas mübarizə Rusiyanın “Kamaz” və İtaliyanın “İveco” komandaları arasında gedib. Birinci yeri bir saat, 41 dəqiqə, 35 saniyə göstərici ilə Dmitriy Sotnikovun rəhbərlik etdiyi “Kamaz” ekipajı tutub. Digər iki yerin sahibi isə “İveco” təmsilçiləri T.Van Genugten və F.Villaqra olublar.

Yeddi mərhələdən sonra ümumi nəticələr belədir: avtomobillərin mübarizəsində liderlik Stefan Peteranselə, kvadrosikllərdə Serqey Karyakinə, motosikletçilər arasında Sem Sanderlendə, yük avomobillərinin yarışında isə “İveco” komandasından Gerard De Royun başçılıq etdiyi ekipaja məxsusdur.

Səkkizinci mərhələdə iştirakçılar Uyunidən Saltaya qədər 892 kilometr məsafədə mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.