MƏDƏNİYYƏT


Dalidanın missiyası insanlara sevinc bəxş etmək və mahnı oxumaq idi

Bakı, 17 yanvar, AZƏRTAC

Əsl adı İolanda Kristina Cilyotti olan məşhur Dalida 1933-cü il yanvarın 17-də Qahirədə dünyaya gəlib. Zahiri görkəmi italyan əsilli bu qızı 17 yaşında “Miss Misir” gözəllik müsabiqəsinin qalibi edib və o, filmlərə dəvət alıb. Qahirədə seçdiyi “Dalila” təxəllüsü Parisdə “Dalida” olub. Sevib-sevilib, həyatında olmuş sevdiklərinin intiharından əzab çəkib, səhnədə mahnı oxuduğu anlarda özünü xoşbəxt sayıb. Hindistanda bir müdrikin ona söylədiyi kimi: sənin missiyan insanlara sevinc bəxş etmək və mahnı oxumaqdır.

Dalida və Lüsyen Moriss

1954-cü ildə Parisə gələn Dalida “Avropa 1” radiosunda gənc ifaçıların müsabiqəsində iştirak edib. Radiostansiyanın direktoru Lüsyen Moriss onun səsinə və gözəlliyinə heyran olub. 1961-ci ildə onlar evlənib. Cütlük qısqanclıq səbəbindən tez ayrılsa da, Lüsyen ömrünün sonunadək Dalidaya sadiq dost olub. Lüsyen 1970-ci ildə intihar edib. Dəfn günü Afinada qastrolda olan Dalida zalda Lüsyen üçün oxuyacağını elan edib.

Dalida və Luici Tenko

Dalidanın növbəti sevgilisi gənc bəstəkar Luici Tenko olub. 1967-ci ildə Sanremo festivalında Dalida Luici Tenkonun “Əlvida, məhəbbət, əlvida” mahnısını oxuyub. Münsiflər heyəti mahnını bəyənməyib və Luici səsvermənin nəticəsini öyrənəndən sonra intihar edib. 

Hadisədən sarsılan Dalida intihar məqsədilə yüksək dozada yuxu dərmanı içib. Lakin həkimlər onu xilas edib. Bir müddət səsini itirən Dalida psixologiya və fəlsəfə ilə maraqlanıb, Tibetə, Hindistana, Nepala səyahət edib.

Dalida və Rişar Şamfre

Dalida fransız rəssamı Rişar Şamfre ilə bir neçə il xoşbəxt yaşayıb. Xoşbəxt günlər Rişarın bir oğlanı qarətçi bilib ona atəş açdığı vaxta qədər davam edib. Rişar həbsxanaya düşüb. Həbsxanadan çıxdıqdan sonra o, Dalidanın yanına qayıtmayıb. 

1983-cü ildə Rişar Şamfre intihar edib. Bu, Dalidanın intihar edən üçüncü sevgilisi idi. Müğənni ümidsizliyə qapılmışdı.

Uğurlu karyera

Dalidanın uğurlu karyerası məşhur “Bambino” mahnısı ilə başlanıb. O, "Qızıl disk" mükafatını qazanan ilk qadın müğənni olub. Karyerası boyu 55 dəfə hit-paradın ilk sırasında olub. Qastrol zamanı repertuarına müvafiq ölkənin dilində 3-4 mahnı salıb. “La Danse de Zorba” isə ona daha bir uğur gətirib. Fransa Prezidenti Şarl De Qoll tərəfindən medala layiq görülüb. 70-ci illərdə Dalida televiziya şou proqramlarında çox çıxış edib. Müğənninin Alen Delonla oxuduğu “Paroles, Paroles” mahnısı bu gün də hamı tərəfindən sevilir. 

Dalidanın ərəb dilində oxuduğu "Salma ya Salama" yeddi gün ərzində Misir, İraq, Suriya, Livan və İordaniyada dillər əzbəri olub. O, 1980-ci ildə Parisdə Brodvdey tərzində möhtəşəm şounu təqdim edib.

Məni bağışlayın...

1985-ci ildə Dalidanın gözündə iki çətin əməliyyat aparılıb. Projektorlar onun gözünə pis təsir edib. 

Misirli rejissor Yusif Şahin “Altıncı gün” filmində Dalidaya baş rol təklif edib. Tənqidçilər onun aktyorluq məharətini yüksək qiymətləndiriblər.

Dalida 1987-ci il mayın 3-də intihar edib. İntihardan əvvəl “Məni bağışlayın, həyat mənim üçün dözülməz oldu” sözlərini yazıb. O, evinə yaxın Monmartra qəbiristanlığında dəfn edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.