SİYASƏT
Dalya Qribauskayte: Sabit “Şərq Tərəfdaşlığı” daha təhlükəsiz Avropadır
Riqa, 22 may, AZƏRTAC
Litva Prezidenti Dalya Qribauskayte Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin Riqada keçirilən görüşündə iştirak edir. Riqa sammitində “Şərq Tərəfdaşlığı”nın nailiyyətləri və Aİ “Şərq Tərəfdaşlığı” siyasətinin gələcək vəzifələri müzakirə olunacaq.
Prezident deyib: “Yarım il əvvəl baş tutan Vilnüs zirvə görüşü “Şərq Tərəfdaşlığı” siyasətində dönüş nöqtəsi olub. Bu müddətdə Avropada geosiyasi vəziyyət xeyli dəyişib, Şərq tərəfdaşlarının müxtəlif məqsədləri ortaya çıxıb. Lakin biz çox şeyə nail olmuşuq: Moldova sakinləri vizasız səyahət edirlər, Gürcüstan, Ukrayna və Moldova ilə ticarət məhdudiyyətləri aradan qalxır. Biz gələcəkdə də bu ölkələrə kömək etməliyik və onların sakinləri üçün açıq olmalıyıq”.
Avropa islahatları həyata keçirən “Şərq Tərəfdaşlığı” ölkələri iqtisadi cəhətdən güclənir, daha demokratik və müasir olurlar. Burada korrupsiya azdır, eyni zamanda sabitlik artır, firavanlıq yaranır. Sabit “Şərq Tərəfdaşlığı” həm də daha təhlükəsiz Avropa deməkdir.
Prezident vurğulayıb ki, yaxın vaxtlarda azad ticarət haqqında müqaviləni həyata keçirməkdə Gürcüstan, Moldova və Ukraynaya kömək göstərmək çox vacibdir. Aİ isə “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaşlarına açıq olmalıdır. Gürcüstan və Ukrayna bütün tələbləri yerinə yetirdikdən sonra həmin ölkələrin sakinləri Aİ ölkələrinə vizasız gedə bilərlər.
Aİ və “Şərq Tərəfdaşlığı” ölkələri energetika, nəqliyyat, biznesin və investisiyaların təşviqi, rəqəmsal iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı davam etdirməlidirlər.
İctimai sektoru yaxşılaşdırmaq, vətəndaş cəmiyyətini möhkəmləndirmək üçün Şərq tərəfdaşlarına kömək etmək lazımdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa