REGİONLAR
Dan Stav: Naxçıvan yüksək turizm potensialına malikdir
Naxçıvan, 25 may, AZƏRTAC
Azərbaycanın böyük əhəmiyyətə malik bölgəsi olan Naxçıvan Muxtar Respublikasında gördüklərim məndə xoş təəssürat oyatdı. Xüsusilə də səhiyyə sisteminin müasir avadanlıqlarla təmin olunması, muxtar respublikanın ərazisində müalicəvi suların mövcudluğu Naxçıvanın yüksək inkişafının və turizm potensialının göstəricisidir.
Bu sözləri Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav AZƏRTAC-a müsahibəsində deyib.
Dan Stav Naxçıvan Muxtar Respublikasına səfərinin məqsədinin İsrail və Azərbaycan arasında mövcud ikitərəfli münasibətlər çərçivəsində muxtar respublika ilə əlaqələrin inkişaf etdirilməsi olduğunu qeyd edib. Bu məqsədlə Naxçıvanda bir sıra sahələrlə tanış olduğunu bildirən səfir deyib ki, bu gün muxtar respublika ilə İsrail arasında səhiyyə, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var.
Naxçıvanda İsrail şirkətləri ilə gələcək iqtisadi əməkdaşlıq barədə müzakirələr apardığını da qeyd edən Dan Stav İsraillə Naxçıvan Muxtar Respublikası arasında güclü iqtisadi əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.