DÜNYA
Danimarka özünün hərbi hava qüvvələrini İŞİD-ə qarşı əməliyyatdan kənarlaşdırır
Stokholm, 3 dekabr, AZƏRTAC
Danimarka hökuməti krallığın hərbi hava qüvvələrinin Suriyada və İraqda ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən “İslam dövləti” terror təşkilatına qarşı aparılan əməliyyatda iştirakına xitam verildiyini elan edib.
Danimarka KİV-ləri bu barədə krallığın xarici işlər naziri Anders Samuelsenə və müdafiə naziri Klaus Xyort Frederiksenə istinadla xəbər verir. Müdafiə Nazirliyinin rəhbəri deyib: “Biz, əvvəlcədən planlaşdırıldığı kimi, öz qırıcı təyyarələrimizi geri qaytarmağı qərara almışıq”. Klaus Xyort Frederiksen daha sonra bildirib ki, həmin regiona qırıcı təyyarələr əvəzinə istehkamçılar, habelə mühəndis və tikinti işləri aparılması üzrə mütəxəssislər göndəriləcək. Onlar iraqlı həmkarlarını öyrədəcəklər.
Yerli jurnalistlər vurğulayırlar ki, hərbi əməliyyatda Danimarkanın iştirakının dayandırılması gözlənilirdi, çünki bu il iyun ayında həmin regiona göndərilən F-16 qırıcılarının orada altı ay ərzində xidmət keçmələri nəzərdə tutulurdu. Təyyarələrin geri çağırılması onunla bağlıdır ki, bu müddət ərzində onlar köhnəldiyi üçün texniki yoxlamadan keçməli, pilotlara və mexaniklərə məzuniyyət verilməlidir.
Terrorçulara qarşı əməliyyatda Danimarkanın 7 qırıcı təyyarəsi iştirak edirdi. Onlardan dördü daim döyüşə hazır vəziyyətdə idi. Danimarka HHQ təyyarələri Türkiyənin İncirlik aviasiya bazasında yerləşdirilmişdi. Onlar döyüş əməliyyatları ilə yanaşı müşahidə və kəşfiyyat işləri də aparırdı.
Bu əməliyyatların aparılması üçün Danimarka koalisiyaya C-130 J nəqliyyat təyyarəsi və 400 hərbi qulluqçu, o cümlədən xüsusi təyinatlı 60 hərbi qulluqçu təqdim etmişdi. Nazirlər bildiriblər ki, nəqliyyat təyyarəsi də istismardan çıxarılacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm