DÜNYA


Danimarka qaçqınların qəbulu proqramında iştirakını müvəqqəti dayandırıb

A+ A

Stokholm, 23 noyabr, AZƏRTAC

Danimarka hökuməti Krallığın BMT-nin kvotası üzrə qaçqınların qəbul edilməsi proqramında iştirakının müvəqqəti dayandırılmasını bəyan edib.

Danimarka KİV-ləri bu barədə məlumat verərək xatırladırlar ki, BMT-nin Qaçqınların işləri üzrə ali komissarı idarəsinin kvotasına uyğun olaraq bu ölkəyə hər il 500 nəfər sığınacaq axtaran insan gəlirdi.

İnteqrasiya məsələləri üzrə nazir İnqer Stoyber ölkə parlamentində keçirilən görüşdə xatırladıb ki, Danimarkanın sosial, iqtisadi və mədəni sahədə yaranmış vəziyyətin öhdəsindən gələ bilməsi üçün bu ölkənin sözügedən proqramda iştirakını müvəqqəti dayandırmaq barədə qərar qəbul edilməsi zəruri idi. Nazirin fikrincə, bu qərarın həyata keçirilməsi sayəsində bələdiyyələr Danimarkaya gəlmiş qaçqınların qeydinə qalmaq üçün nəfəsini dərmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, əhalisinin sayı 5,7 milyona yaxın olan Danimarkaya cari ilin 11 ayı ərzində təqribən 5700 qaçqın gəlib. Ölkənin hakimiyyət orqanları bu il Krallığa gələnlərin sayının keçənilki 21 min nəfərlə müqayisədə xeyli az olacağını gözləyirlər. Sosioloji sorğular göstərir ki, yaranmış vəziyyətdə qaçqınlar mövzusu ölkə vətəndaşlarını narahat edən əsas problemə çevrilib. Hərçənd, qaçqınlar çox vaxt Danimarkadan onunla qonşu İsveçə getmək üçün aralıq məntəqə kimi istifadə edirlər, çünki İsveçdə miqrasiya qanunları Danimarkadakı ilə müqayisədə qat-qat liberaldır.

Buna baxmayaraq, Danimarka hökuməti miqrantları bu ölkəyə gəlməkdən çəkindirmək üçün bir sıra tədbirlər görüb. Məsələn, Danimarka hökuməti Almaniya ilə sərhəddə seçmə üsulla sərhəd nəzarəti tədbiri tətbiq edib. Danimarka hökumətinin ən çox mübahisə doğuran qərarlarından biri bu il qəbul edilmiş bir qanun layihəsidir. Həmin layihə polisin bu ölkəyə gəlmiş qaçqınların qiymətli əşyalarını müsadirə etməsinə imkan verir. Bu halda həmin qiymətli əşyalar hesabına əldə edilən pul qaçqınların özünün saxlanmasına və yerləşdirilməsinə sərf edilməlidir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.