DÜNYA
Danimarkada dilənçiləri cərimə etmək təklif olunub
Kopenhagen, 18 aprel, AZƏRTAC
Danimarkada dilənçiləri cərimə etmək təklif olunub. Ölkə parlamentinin Danimarka Xalq Partiyasından (DXP) və Mühafizəkarlar Partiyasından olan deputatları Danimarka şəhərlərinin küçələrini dilənçilərdən təmizləmək üçün onlara yüksək cərimələrin tətbiq olunması təklifini irəli sürüblər.
Bu barədə məlumat DXP nümayəndələrinin yerli mətbuata müsahibələrində yer alıb. DXP-nin nümayəndəsi Peter Skorup deyib: “Biz avtobus bileti üçün pul dilənənləri təqib etməyəcəyik. Diqqətimizi Şərqi Avropadan böyük mütəşəkkil dilənçi qruplarının üzərində cəmləşdirmək istəyirik. Onlar bizim nail olduğumuz firavanlıqdan istifadə etmək üçün Danimarkaya gəlirlər. Danimarkada onları nadir hallarda cəzalandırırlar. Buna görə də daha qanunun tələblərinə riayət etmirlər. Odur ki, onları cərimələmək və ölkə hüdudlarından kənara çıxarmaq lazımdır”.
Bildirilib ki, Danimarkada dilənçiliyin qanunsuz olmasına baxmayaraq, asayiş keşikçiləri qanuna riayət olunmasına ciddi diqqət yetirmirlər. Məsələn, polisin məlumatına görə, 2008-2011-ci illərdə ölkədə dilənçilik üstündə cəmi beş nəfər mühakimə olunub. Bu da dilənçilərin sayının artmasına şərait yaradıb.
Qeyd edək ki, 2013-cü ildən etibarən Danimarkada əcnəbi qanun pozucularının, o cümlədən dilənçilərin yoxlanılması ilə immiqrantlara nəzarət üzrə xüsusi polis bölməsi məşğul olur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen