DÜNYA
Danimarkada kral ailəsi ilə bağlı media-qalmaqal başa çatıb
Stokholm, 25 noyabr, AZƏRTAC
Danimarkada jurnalistlər barəsində həbs hökmü çıxarılıb. Bununla da ölkə tarixində kral ailəsi ilə bağlı ən böyük media-qalmaqal başa çatıb.
Yerli KİV-lər bu xəbəri Kopenhagen ətrafındakı Qlostrup rayonu məhkəməsinin qərarına istinadla yayıblar.
Noyabrın 24-də rayon məhkəməsi “Se-oq-Nö” jurnalının keçmiş redaktoru Henrik Kvortupu 15 ay həbs cəzasına məhkum edib. Jurnalın sabiq baş redaktoru Danimarkanın ən tanınmış siyasi şərhçilərindən biri olub. O, məhkəmə tərəfindən Danimarkanın kral ailəsinə və digər məşhur şəxslərə məxsus olan kredit kartlarının qanunsuz monitorinqinin təşkil edilməsində təqsirli bilinib.
Məhkəmə qərarına görə, Henrik Kvortup “ölkə vətəndaşlarının hüquqlarını əhəmiyyətli dərəcədə pozub”. Bildirilir ki, qanunsuz ələ keçirilmiş şəxsi informasiya müqabilində pul qazanmaq istəyi ağırlaşdırıcı haldır.
“Məxfi mənbə” deyilən “Nets” kredit şirkətinin sabiq əməkdaşı Piter Bo Henriksen barəsində də həbsə məhkum edilib. O, kral ailəsi üzvlərinin və məşhur adamların kredit kartlarından olan xərcləri barədə qeydləri haqq müqabilində jurnalistlərə verməkdə təqsirli bilinib. Ona ən sərt cəza verilib: bu qərara 18 ay ərzində yenidən baxıla bilməz.
Jurnalın digər üç əməkdaşına şərti cəza verilib.
Qeyd edək ki, Danimarka tarixində ən böyük media-qalmaqal 2014-cü ildə başlayıb. Sabiq jurnalist Ken B.Rasmussenin çap etdirdiyi kitabda “Se-or-Nö” jurnalının sensasiyalı xəbər yaymaq üçün kral ailəsinin kredit kartlarındakı məlumatdan necə istifadə etməsi ətraflı təsvir olunub.
Asayiş keşikçiləri daha əvvəl qeyd ediblər ki, qanunsuz ələ keçirilmiş məxfi informasiya sayəsində jurnalda silsilə yazılar, o cümlədən Danimarka şahzadəsi İoahimin 2008-ci ildə Kanadada bal ayı haqqında yazı dərc olunub. Baş nazir L.Lökke Rasmussen və aktyor Mads Mikkelsen də şəxsi informasiyası dedi-qodu mövzusuna çevrilən danimarkalılar arasında olublar.
Rauf Əliyev
AZƏRTAC-ən xüsusi müxbiri
Stokholm