DÜNYA


Danimarkada qaçqın statusu almaq üçün müraciətlərin sayı son beş ildə minimum həddə düşüb

A+ A

Stokholm, 24 sentyabr, AZƏRTAC

Danimarkada qaçqın statusu almaq üçün müraciətlərin sayı son beş ildə minimum həddə düşüb.

Yerli KİV-lər Danimarka İmmiqrasiya və İnteqrasiya Nazirliyinin dərc etdiyi məlumatlara istinadla bildirirlər ki, avqust ayında sığınacaq almaq üçün edilən rəsmi müraciətlərin sayı 284 olub.

İmmiqrasiya və inteqrasiya naziri İnqer Stoyberqin sözlərinə görə, bu rəqəmlər onu göstərir ki, immiqrasiya ilə bağlı məhdudiyyətlər, habelə Danimarkada sərhəd nəzarəti tətbiq edilməsi arzu edilən nəticəni verir.

2016-cı ilin ilk səkkiz ayı ərzində təxminən 5000 nəfər Danimarkada sığınacaq almaq barədə müraciət edib. Müqayisə üçün xatırladaq ki, keçən il belə müraciətlərin sayı 21300, 2014-cü ildə isə 14800 olub.

Danimarka hökuməti qaçqınların sayının kəskin azalması ilə əlaqədar bildirib ki, 2015-ci ilin noyabr ayında qaçqınlar üçün yaradılmış çadır düşərgələrinin ləğv edilməsi planlaşdırılır.

Bununla belə, İnqer Stoyberq ölkəyə gələnlərin sayının azalması meylinin davam etməsi arzusunu bildirib. Nazir arxayınlaşmamağa və problemin mürəkkəbləşə biləcəyini nəzərə almağa çağırıb.

Nazirliyin planlaşdırdığı təşəbbüslərdən biri də böhranlı vəziyyətdə sərhəddə sığınacaq axtaran insanların müraciətlərini rədd etmək üçün bu üsul tətbiq edilə biləcək “qəza tormozu” deyilən tədbirlə bağlıdır. Bundan əlavə, Danimarka hökuməti yaxın vaxtlarda elan edib ki, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı idarəsinin köçürülmə proqramında nəzərdə tutulan kvotalar üzrə ildə 500-ə yaxın qaçqın qəbul etmək məsələsində “fasilə götürmək” niyyətindədir.

Müxtəlif sosioloji sorğular göstərir ki, qaçqınlar problemi Danimarka sakinlərinin əksəriyyətini ən çox narahat edən problemdir. Bununla əlaqədar, ölkədə miqrasiya qanunvericiliyi bir neçə dəfə sərtləşdirilib, hökumət vəziyyətə nəzarət etmək üçün daimi sərhəd yoxlamaları tətbiq edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.