DÜNYA
Danimarkada rekord sayda əcnəbi əməkçilər olması qeydə alınıb
Stokholm, 21 avqust, AZƏRTAC
Danimarkada rekord sayda əcnəbi əməkçilər olması qeydə alınıb.
Danimarka Sənaye Konfederasiyasının son məlumatlarına görə, hazırda Krallıqda daimi əsaslarla işləyən əcnəbilərin sayı 201.461 nəfərdir. Danimarka KİV-ləri qeyd edirlər ki, bu rəqəm əhalisinin sayı 5,7 milyon olan bu ölkə üçün belə hesablamalar aparıldığı bütün müddət ərzində mütləq rekord göstəricidir.
Məlumata görə, Danimarkaya gələn əməkçi miqrantların çoxu (26.055 nəfər) Polşadandır. Belə miqrantların sayına görə sonrakı yerləri Almaniya (16.335), Rumıniya (14.177), İsveç (13.600), Böyük Britaniya (8.442), Litva (8.193), Türkiyə (7.829) və Norveç (6.375), ilk onluqda sonuncu yerləri isə Ukrayna (4.697) və İtaliya (4.595) tutur.
Danimarka Sənaye Konfederasiyası rəhbərinin müavini Stiin Nilsen əcnəbi işçi qüvvəsinin müsbət effekti barədə söhbət açaraq qeyd edib ki, son illərdə məhz əcnəbilərin sayəsində Danimarka məşğulluq göstəricilərinin inamlı artımını nümayiş etdirir.
Stiin Nilsen hazırda geniş yayılmış belə bir tezisi təkzib edib ki, guya əcnəbilərin Danimarkaya axını bu ölkədə əməkhaqqı səviyyəsinin azalmasına gətirib çıxarır. O deyib: “Bizim cəmiyyətin üzvləri tərəfindən muzdlu işə cəlb edilmiş əcnəbilər Danimarka qanunvericiliyinə və şirkətdə mövcud şəraitə uyğun olaraq kontrakt bağlayıblar”.
Danimarka Sənaye Konfederasiyası rəhbərinin müavini daha sonra əlavə edib ki, iqtisadiyyatın bəzi sektorlarında şirkətlər kvotaları artırmağa çağırıblar. Bununla əlaqədar, ixtisaslı əcnəbi işçilərin Danimarkada işləmək üçün icazə alınması prosedurlarını sadələşdirmək zəruridir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm