SİYASƏT
Danimarkada yaşayan azərbaycanlı alim professor adına layiq görülüb
Danimarkada yaşayan azərbaycanlı alim professor adına layiq görülüb.
“Vətən” Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Kopenhagenin Qlostrub xəstəxanasında Kopenhagen Universitetinin alimi, həmyerlimiz Məsud Aşinaya professor adının verilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Kopenhagen Universitetinin alimləri, Qlostrub xəstəxanasının əməkdaşları Məsud Aşinanın geniş əhatəli elmi fəaliyyətindən söhbət açıblar.
M.Aşina çıxışında bildirib ki, 1965-ci ildə Bakıda anadan olub, Azərbaycan Tibb Universitetini bitirib. Sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. Azərbaycana çox bağlı olduğunu vurğulayan Məsud Aşina tədbir iştirakçılarına Bakıda keçirilən müxtəlif beynəlxalq tibb forumlarından söz açıb.
Qeyd edək ki, Məsud Aşina 2011-ci ildə nevrologiya sahəsində “Mogens Fog” mükafatına layiq görülüb. O, 200-dən çox elmi məqalənin, 40-a yaxın elmi əsərin müəllifidir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm