DÜNYA
Danimarkalı deputatın müsəlmanların immiqrasiyasına qadağa qoyulması təklifi sərt tənqidlə qarşılanıb
Stokholm, 29 iyul, AZƏRTAC
Danimarka Xalq Partiyasının təmsilçisi Syoren Espersen “Berlingske” qəzetinə müsahibəsində bildirib ki, krallıq müsəlman ölkələrindən immiqrasiya praktikasını müvəqqəti olaraq dayandırmalıdır.
O, deyib: “Müsəlman miqrantlarına Danimarkaya immiqrasiya növbəti dörd və ya altı ildə qadağa edilməlidir. Çünki biz Avropada son terror hücumlarından sonra vəziyyəti araşdırmalıyıq”.
Deputatın bu təklifi sərt tənqidlə qarşılanıb. Sosial-Demokrat Partiyasının simasında müxalifət nümayəndələri bildiriblər ki, bütün müsəlman qaçqınlarını ekstremistlə eyniləşdirmək düzgün deyil. Onlar deputatın bu bəyanatını müsəlmanların ABŞ-a gəlməsinə qadağa təklifi ilə çıxış etmiş Respublikaçılar Partiyasından prezident postuna namizəd Donald Trampın planı ilə müqayisə ediblər.
Danimarka İnsan Haqları İnstitutunun icraçı direktoru isə KİV-ə müsahibəsində bildirib ki, Danimarka Xalq Partiyasının təklifi diskriminasiya xarakteri daşıyır və dövlətin qoşulduğu insan haqları konvensiyalarına ziddir.
Qeyd edək ki, Danimarka Xalq Partiyası özünün immiqrasiya əleyhinə və millətçilik mövqeyi ilə tanınır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm