DÜNYA
Danimarkaya gələn miqrantların yarısı özləri barədə yalan məlumatlar verir
Stokholm, 30 mart, AZƏRTAC
Danimarkaya gələn miqrantların yarısı qaçqın statusu almaq üçün özləri barədə yalan məlumatlar təqdim edir.
Danimarkanın Qaçqınlar məsələsi üzrə Şurası (“Flygtningenævnet”) 2016-cı ildə bu ölkədə sığınacaq verilməsindən imtina edilmiş 500 müraciəti araşdırıb. Alınan nəticələr göstərir ki, 284 miqrant barədə məlumata qismən və ya tamamilə yalan informasiya daxil edilib.
Danimarka KİV-lərinin bu haqda məlumatında qeyd edilir ki, sığınacaq istəyən şəxslər bu Krallıqda yaşamaq hüququ əldə etmək üçün özləri və öz keçmişləri barədə ətraflı məlumatı bilərəkdən gizlədirlər.
Danimarka İmmiqrasiya Xidmətinin (“Udlændingestyrelsen”) əməkdaşı Anders Dorf bu məlumatları şərh edərək bildirib ki, həmin xidmətin qarşısında duran əsas vəzifə belə insanların həqiqətən təhlükədə olub-olmadığını aydınlaşdırmaqdan ibarətdir. Anders Dorf deyib: “Bəzi insanların təqdim etdiyi məlumatların real əsası yoxdur. Onların izahı sadəcə mənasız təsir bağışlayır”.
Anders Dorf daha sonra deyib: “Bu insanlar öz ölkəsində yaşamağın onlar üçün təhlükəli olması barədə bizə daim bayağı əhvalatlar danışırlar, lakin ərizəçinin həyatının nə üçün təhlükədə olması və onları kimin təhlükəyə məruz qoyması barədə daha ətraflı məlumat almaq üçün müraciət edəndə alınan cavablar bir-birinə uyğun gəlmir”.
Qeyd edək ki, 2016-cı ilin son üç ayı ərzində Danimarkada sığınacaq almaq üçün daxil olmuş 2400 ərizənin təqribən yarısına rədd cavabı verilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm