CƏMİYYƏT
“Danışan kitab“ layihəsinin təqdimatı olub
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli“ İctimai Birliyinin dəstəyi ilə “Danışan kitab” layihəsinin təqdimatı olub.
“İrəli” İctimai Birliyinin üzvü Aynur Novruzovanın müəllifi olduğu “Danışan kitab” müxtəlif janrlarda yerli və xarici ədəbiyyatı özündə birləşdirən audio kitabxanadır. Görmə qüsurlu insanlar, həmçinin kitab oxumağa vaxtı olmayan şəxslər www.danishankitab.az saytına daxil olaraq onlayn formada kitabları yükləyə və dinləyə bilərlər. Məqsəd Azərbaycanda elektron audio kitabxananın yaradılmasıdır.
Layihənin təqdimat mərasimində çıxış edən “İrəli“ İctimai Birliyinin sədri Mirhəsən Seyidov “Danışan kitab”ın ən uğurlu layihələrdən biri olduğunu və qısa müddətdə xeyli gənci cəlb etdiyini bildirib. O, layihənin gənclərə geniş imkanlar yaratdığını vurğulayıb.
www.danishankitab.az saytında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, Con Steynberkin “Siçanlar və adamlar”, Lev Tolstoyun “Küpə Alyoşa” və “Baldan sonra”, eləcə də şair-publisist Rəşad Məcidin və bir çox digər tanınmış yazıçıların əsərləri toplanıb.