REGİONLAR
“Darıdağ” klubu Naxçıvan Muxtar Respublikasında uşaq futbolunun inkişafına töhfə verir
Naxçıvan, 17 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında uşaq futbolunun inkişafı istiqamətində işlər davam etdirilir. “Darıdağ” futbol klubu bu sahənin inkişafında özünəməxsus rol oynayır.
AZƏRTAC xəbər verir ki, “Darıdağ” klubu bir ildən çoxdur fəaliyyət göstərir. Hazırda klubun 4 yaş qrupu üzrə – 11, 12, 13 və 14 yaşlılardan ibarət komandaları var. Həftənin 6 günü məşq prosesi keçən qrupların hər birində 15 uşaq futbolun sirlərini öyrənir.
Klub Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərir. Komanda mütəmadi olaraq uşaq futboluna dəstək verir, muxtar respublikada uşaqların idmanın bu növünə marağını artırmaq üçün yoldaşlıq görüşləri, turnirlər, yarışlar təşkil edir. Son olaraq Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarış bunun bariz nümunəsidir.
Komandanın baş məşqçisi Şəhriyar Məmmədovla söhbətimizdə ilk olaraq uşaqların seçim məsələlərinə toxunduq. O bildirdi ki, klubda muxtar respublikanın hər bölgəsindən istedadlı uşaqları toplanır. Ən yaxşılarını seçdikdən sonda namizədlərlə müqavilə bağlanılır. Lakin bundan öncə onların tibbi müayinədən keçmələri tələb olunur. Əgər kiminsə sağlamlığında problem aşkarlanarsa, onun valideyninə məlumat verilir ki, müəyyən müddət idmanla məşğul olmasın.
Şəhriyar Məmmədov onu da bildirdi ki, istedadına güvənən istənilən uşaq kluba müraciət edə bilər. Məqsəd muxtar respublikada futbolu inkişaf etdirmək və kütləviləşdirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında futbolun populyarlığını daha da artırmaqdır. Onun sözlərinə görə, uşaqları körpə yaşdan idmana cəlb etmək lazımdır ki, cəmiyyətə inteqrasiya etsin. Çünki bu, gələcəkdə uşaqların kamil insan kimi formalaşmasında böyük rol oynayır.