CƏMİYYƏT
Daş Zirə adasında aşkarlanan kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşdirilib YENİLƏNİB
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 18-də saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 1 saylı neft qazçıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1979–cu il 4 yanvar təvəllüdlü Əsədov Samir Atabala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargahdan məlumat verilib.
Qeyd edilib ki, meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi. Bununla da, itkin düşən neftçilərin hamısı qərargahın həyata keçirdiyi axtarış əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verilib və əməliyyata yekun vurulub.