İQTİSADİYYAT
Azərbaycanın daşınmaz əmlak idarəçiliyi sahəsində atdığı mütərəqqi addımlar təqdir olunur
Bakı, 28 noyabr, Samirə Quliyeva, AZƏRTAC
Bakıda “BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin BMT Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov son illər ölkəmizdə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edilib ki, aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində ciddi dəyişikliklər baş verib. İqtisadiyyatda müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaları labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini cəmləşdirir. Daşınmaz əmlak infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımların beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini deyən komitə sədri diqqətə çatdırıb ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hər il dərc etdiyi “Doing Businnes” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələr siyahısında, həmçinin daşınmaz əmlak qeydiyyatına görə ön sıralardadır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə respublikamızın iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən dövlətlər sırasında olduğundan söz açıb. Komitə sədri bildirib ki, daşınmaz əmlak idarəçiliyi sahəsində əldə olunan uğurlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq əlaqələri, təşkil edilən beynəlxalq tədbirlər daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır.
Sonra Dünya Bankının Vaşinqtonda yerləşən baş qərargahı ilə canlı telekörpü yaradılıb. Dünya Bankının Beynəlxalq Daşınmaz Əmlak və Geoməkan Qurumunun strategiya rəhbəri Horhey Munos tədbirə qoşularaq Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurlardan danışıb. H.Munos “Doing Business 2015” hesabatında Azərbaycanın ilk onluqda yer alması münasibətilə təbriklərini çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.
BMT AİK-in regional məsləhətçisi Mario Apostolov və Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupun sədri Elşad Xanəlibəyli çıxışlarında bildiriblər ki, Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı, ünvan reyestrinin aparılması sahəsində qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır.
Tədbir işini sessiyalarla davam etdirib.
Birinci sessiyada BMT AİK-in 56 üzv dövlətinin daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi layihəsinin təqdimatı olub. Bu layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, daşınmaz əmlak idarəçiliyi məlumatlarının bərpa olunması üzrə təcrübələri ehtiva edir.
Tədbirdə eyni zamanda, daşınmaz əmlak idarəçiliyi üzrə standartlara dair könüllü təlimatlar toplusunun təqdimatı keçirilib. Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə məlumatların hazırkı və yerli alternativ istifadə qaydaları barədə müzakirələr aparılıb və təkliflər irəli sürülüb.
BMT AİK-ə üzv dövlətlərin nümayəndələri daşınmaz əmlak idarəçiliyi sahəsində öz ölkələrinin təcrübəsini bölüşüblər. Tədbirdə daşınmaz əmlak idarəçiliyi sistemləri haqqında icmal, ABŞ-da daşınmaz əmlakın qeydiyyatı, Azərbaycanda, Yunanıstanda, Finlandiyada daşınmaz əmlak idarəçiliyi, kadastr sahəsində Avstriya yanaşması, Niderland Kadastr Təşkilatında institusional yenidənqurma mövzularında məruzələr dinlənilib.
İkinci sessiya Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyətinə həsr olunub. Proqramın mahiyyəti və əhəmiyyəti, icrasının nəticələri, həyata keçirilmə prosesi və metodologiyası iştirakçıların diqqətinə çatdırılıb. Daşınmaz əmlak idarəçiliyinin monitorinq sistemi, metodoloji yanaşmalar, innovasiyaların təşviqi, məlumatların əlaqələndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə BMT AİK-ə üzv olan 56 dövlətin nümayəndələri iştirak ediblər.