MƏDƏNİYYƏT
Daşkənddə “İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgi açılıb
Daşkənd, 27 noyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Azərbaycan Dövlət Rəsm Qalereyasının (ADRQ) təşəbbüsü ilə paytaxtdakı Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunda “İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi açılıb.
Sərginin açılışında səfirliyimizin və AMM-nin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, habelə Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamlar, institutun professor-müəllim heyəti, tələbələr iştirakı ediblər.
İştirakçılar əvvəlcə “Böyük İpək Yolu” adlı qısametrajlı sənədli filmə baxıblar.
Tədbiri institutun rektoru, professor Xasan Aminov açaraq bildirib ki, sərginin keçirilməsində məqsəd iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığı daha da genişləndirmək, xalqlarımızın ortaq dəyərlərini təbliğ etmək və Böyük İpək Yolunun hər iki xalqın həyatındakı artan rolunu bir daha göstərməkdir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafından söz açıb. O deyib ki, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistanın dövlət başçısı İslam Kərimovun Azərbaycana son illərdəki səfərləri əlaqələrimizin dərinləşməsinə təkan verib. Humanitar sahədə əməkdaşlığın inkişafından danışan səfir deyib ki, təxminən bir ay əvvəl Özbəkistan Milli Konservatoriyasında SSRİ Xalq Artisti, tanınmış pianoçu Fərhad Bədəlbəylinin konserti uğurla keçirildi və biz bundan sonra da müntəzəm olaraq belə tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayacağıq.
ADRQ-nın direktoru Elnur Hüseynov bildirib ki, sərgidə tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və digər fırça ustalarının, özbək tərəfdən isə Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və digər sənətkarların 80-dən artıq əsəri nümayiş etdirilib.
Özbəkistanın Xalq Rəssamı Akmal Nur bildirib ki, belə tədbirlər həm Daşkənddə, həm də Bakıda nə qədər çox keçirilərsə, biz bir-birimizi daha yaxından tanıyarıq.
Sonra AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri rəqslərimizi ifa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd