MƏDƏNİYYƏT
Daşkənddə “İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı sərgi açılacaq
Daşkənd, 23 noyabr, AZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Azərbaycan Dövlət Rəsm Qallereyasının (ADRQ) təşəbbüsü ilə noyabrın 26-da paytaxtdakı Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunda “İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi açılacaq.
Sərginin açılışında Azərbaycanın Özbəkistandakı səfirliyinin və AMM-nin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, habelə Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamlar iştirakı edəcəklər.
Sərginin keçirilməsində məqsəd iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığı daha da genişləndirmək, xalqlarımızın ortaq dəyərlərini təbliğ etmək və Böyük İpək Yolunun hər iki xalqn həyatındakı artan rolunu bir daha göstərməkdir.
Sərgidə tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və digər fırça ustalarının, özbək tərəfdən isə Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və s. sənətkarların əsərləri nümayiş etdiriləcək.
Sərginin açılışında İpək Yolu haqqında qısametrajlı sənədli film nümayiş olunacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND