MƏDƏNİYYƏT


Daşkənddə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlər ilk dəfə özbək dilində çap edilib

A+ A

Daşkənd, 15 sentyabr, AZƏRTAC

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə"sinə daxil olan əsərlər özbək dilində çap edilib.

Kitaba dahi şairin beş əsəri – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemaları daxildir. Kitab Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edilib.

Kitabı orijinaldan Olimcan Buriyev tərcümə edib.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi akademik Aziz Kayumovdur. “Ön söz”də qeyd edilir ki, Azərbaycanın qədim Gəncə şəhərində anadan olan dahi şair Nizami Gəncəvi öz qüdrəti ilə nəinki Azərbaycanda, Şərqdə və Qərbdə də nəhəng söz ustadına çevrilib və onun yaratdığı beşlik dünya ədəbiyyatının inciləri sırasına daxil olub.

Qeyd edilir ki, Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda da böyük maraq var və dahi şair xalq arasında çox sevilir. 1947-ci i-ildən paytaxtda Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərir, bu təhsil ocağının qarşısında böyük şairin abidəsi ucaldılıb. Universitetdə AMM-nin layihəsi ilə Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi fəaliyyət göstərir və Mərkəz Nizami irsini, ölkələrimiz arasında dostluq əlaqələrini geniş təbliğ edir.

Mədəniyyət Mərkəzindən bildiriblər ki, kitab Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə kitabxanalara paylanılacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.