İQTİSADİYYAT
Daşkənddə “Özbəkistanın neft və qazı-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransın açılışı olub
Daşkənd, 17 may, АZƏRTAC
“Özbəkneftqaz” Milli Holdinq Şirkəti, Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət Nazirliyi və ölkənin Ticarət-Sənaye Palatasının dəstəyi ilə Daşkənddə “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransın açılışı olub.
Tədbirdə Azərbaycan, Avstriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Rusiya, Sinqapur, Koreya Respublikası, Türkiyə, İngiltərə, İtaliya, Çexiya, İndoneziya və digər ölkələrin aparıcı neft və qaz şirkətlərinin nümayəndələri, ekspertləri, alimlər iştirak edir.
Sərgidə ölkəmizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti və ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev təmsil edir.
Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov sərgi və konfrans iştirakçılarını salamlayıb, hər il keçirilən sərginin əhəmiyyəti haqqında söhbət açıb.
Q.İbrahimov neft və qaz sahəsində ölkədə həyata keçirilən layihələr haqqında da danışıb.
Sonra qonaqlar sərgi ilə tanış olub, SOCAR-ın pavilyonuna baxıblar. Pavilyona gələnlərə son dövrlərdə SOCAR-ın əldə etdiyi uğurlar haqqında geniş informasiya verilir.
Rövnəq Abdullayev sərgidə iştirak edən bir sıra şirkətlərin rəhbərləri və nümayəndələri ilə söhbət edib.
Sərgi və konfrans üç gün davam edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd