DÜNYA
Daşkənddə ŞƏT Regional Antiterror Strukturu Şurasının 30-cu iclası keçirilib
Daşkənd, 30 mart, АZƏRTAC
Daşkənddə Çinin sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturu Şurasının 30-cu iclası keçirilib.
Tədbirdə ŞƏT-in üzvü olan ölkələrin - Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər. İclasda ŞƏT-nın üzvü olan dövlətlərin 2016-2018-ci illər üçün terrorizm, separatizm və ekstremizmlə mübarizədə əməkdaşlıq proqramının və Şuranın əvvəl qəbul edilmiş qərarlarının yerinə yetirilməsi mexanizmi nəzərdən keçirilib. Tədbirdə ŞƏT-in ekstremizm əleyhinə Konvensiya layihəsi də bəyənilib. Qərara alınıb ki, 2017-ci ildə birgə antiterror təlimləri, Şuranın üzvü olan dövlətlər arasında sərhəd əməliyyatları, ŞƏT-nın üzvü olan və müşahidəçi dövlətlər arasında beynəlxalq terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq üzrə beşinci elmi-praktik konfrans keçirilsin.
Xatırladaq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd