DÜNYA
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Daşkənd, 24 may, AZƏRTAC
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti görüşü keçirilib.
Görüşdə ŞƏT-ə üzv ölkələr - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın xarici işlər nazirləri, təşkilatın baş katibi Rəşid Alimov və Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin direktoru Yevgeni Sısoyev, həmçinin müşahidəçi ölkələrin nümayəndələri iştirak ediblər.
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov yarandığı 15 ildə ŞƏT-in fəaliyyəti haqqında məlumat verib, quruma digər dövlətlərin cəlb olunması ilə təşkilatın statusunun artırılması məsələlərindən danışıb.
Tədbirdə bu ilin iyununda ŞƏT Dövlət Başçıları Şurasının Daşkənddə keçiriləcək iclasına hazırlıq məsələləri, dövlət başçılarının imzalayacaqları sənədlər ətraflı müzakirə edilib. Nazirlər təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin indiki vəziyyəti və perspektivləri, beynəlxalq və regional məsələlərdə ŞƏT-in rolu və yeri istiqamətində də fikir mübadiləsi aparıblar. İclasda terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri sahəsində əməkdaşlıq da müzakirə edilib.
Bundan başqa, Hindistanın və Pakistanın ŞƏT-ə üzvlüyü məsələsi də diqqət mərkəzində olub.
Həmçinin 2014-cü ilin iyulunda ŞƏT-in Ufa şəhərində keçirilən Zirvə görüşündə qəbul edilən sənədlərin yerinə yetirilməsi məsələlərinə dair müzakirələr aparılıb. Nazirlər Ufadakı Zirvə görüşündə Azərbaycan, Kamboca, Nepal və digər ölkələrə təşkilatın dialoq üzrə tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul olunmasını alqışlayıblar.
Tədbirdə ŞƏT-in 15 illiyi ilə əlaqədar qəbul ediləcək Daşkənd Bəyannaməsinin layihəsi, 2016-2020-ci illərdə təşkilatın fəaliyyət planı və 2025-ci ilədək qurumun inkişaf strategiyası və digər sənədlər müzakirə edilərək bəyənilib.
Xatırladırıq ki, Belarus, Monqolustan, Hindistan, Pakistan, İran və Əfqanıstanın ŞƏT-də müşahidəçi statusu var.
Təşkilatın Zirvə görüşü bu il iyunun 23-24-də Daşkənddə təşkil ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd