QAN YADDAŞI
Daşkənddə Xocalı faciəsi ilə əlaqədar konsert-rekviyem keçirilib
Daşkənd, 25 fevral, АZƏRTAC
Daşkənddəki Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar konsert-rekviyem keçirilib.
Tədbirdə xarici ölkələrin Özbəkistandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb. Səfir deyib ki, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini yer üzündən silib, qocalar, qadınlar və uşaqlar qəddarlıqla qətlə yetirilib.
Diplomat Xocalı faciəsinin Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi olduğunu qeyd edib. Səfir H.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması, həmçinin erməni terrorizminin bütün bəşəriyyətə təhlükə olmasının sübut edilməsi istiqamətində atılan addımlardan danışıb. Məhz bu məqsədyönlü siyasətin nəticəsidir ki, dünyanın 10-dan artıq ölkəsi və ABŞ-ın 20-dən çox ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamını soyqırımı kimi tanıyıb.
Səfir vurğulayıb ki, Ermənistan prezidenti Serj Sarkisyan Britaniyanın məşhur jurnalisti Tomas de Vaalın Xocalı faciəsi ilə bağlı sualına belə cavab verib: “Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik. Orada nə baş verdi...”
H.Quliyev deyib: “Elə bilirəm ki, bunu şərh etməyə ehtiyac yoxdur və bu qanlı hadisəni də ermənilər öz tarixlərinə yazdılar”.
Sonra konsert-rekviyem keçirilib. Konsertdə Frans Şubert, Fərhad Bədəlbəyli, İohan Sebastyan Bax, Antonio Vivaldi, Asəf Zeynallı, Əzizə Mustafazadə və digər bəstəkarların əsərləri səslənib. Tədbirdə, həmçinin Xocalı faciəsi ilə bağlı sənədli film göstərilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd